Kredit götürmək çətinləşdi: Bu, kimə xeyirdi?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda sahibkarların kredit müraciətləri poçt operatorları vasitəsilə qəbul olunacaq. Bu barəd məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakıda təşkil etdiyi "Biznesdə Gənclər Proqramı - Qafqaz" tədbirində verdi.
Fuad İsayev, son üç ildə AMB-nin sahibkarların bank xidmətlərindən istifadəsini asanlaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində rəqəmsallaşmanın təşviq edilməsi və tənzimləyici tədbirlərlə yanaşı, agent bankçılığın əhəmiyyəti də artırılıb, bu isə banklara kredit müraciətlərinin qəbulunu milli poçt operatoru, bank olmayan kredit təşkilatları, ödəniş və elektron pul təşkilatları vasitəsilə həyata keçirməyə imkan tanıyır.
Yeni mexanizm, bank filialarından uzaqda fəaliyyət göstərən sahibkarların kreditə əlçatanlığını artırmağı hədəfləyir. Eyni zamanda, AMB tərəfindən davranış əsaslı kreditləşmə yanaşmasının tətbiqi də başlatılıb ki, bu yanaşma həm istehlak, həm də mikrokreditləşməni əhatə edir.
İqtisadçı-ekspert Asif İbrahimov, Mərkəzi Bankın son illərdəki fəaliyyətini müsbət dəyərləndirərək, maliyyə sektorunun müasirləşdirilməsi və bank xidmətlərinin əlçatanlığının artırılması istiqamətində atılan müsbət addımları qeyd edib. O, poçt infrastrukturunun maliyyə xidmətlərinə cəlb edilməsinin mikro və kiçik sahibkarların maliyyə xidmətlərinə çıxışını asanlaşdıra biləcəyini vurğulayıb.
İbrahimov, eyni zamanda, rəqəmsallaşmanın artmasının da əməliyyat xərclərini azaltmağı və şəffaflığı artırmağı nəzərdə tutduğunu bildirdi. Amma sahibkarlar üçün kredit faizləri, girov təminatı tələbləri və regionlarda biznesin maliyyələşdirilməsi məsələlərinin hələ də diqqət mərkəzində saxlanılması gərəkdiyini diqqətə çatdırdı.