Ezonn Xəbər

Sürüşmə təhlükəsi fonunda Badamdarda milyonluq əmlak QİYMƏTLƏRİ

Sürüşmə təhlükəsi fonunda Badamdarda milyonluq əmlak QİYMƏTLƏRİ
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Bakının Səbail rayonundakı Badamdar qəsəbəsində sürüşmə təhlükəsinin artması mənzil və torpaq qiymətlərini mənfi istiqamətdə təsir edir. Qəsəbə şəhər mərkəzinə yaxınlığı və yeni yaşayış kompleksləri ilə tanınsa da, araşdırmalar göstərir ki, qiymətlər ərazidəki geoloji vəziyyətə bağlı olaraq dəyişir. Badamdar qəsəbəsində 2 otaqlı mənzillərin qiymətləri 140,000 - 225,000 manat aralığında, 3 otaqlı mənzillərin qiymətləri isə 240,000 - 450,000 manat arasında dəyişir. Qiymətlərin fərqliliyi əmlakın yerləşdiyi ərazi, təmir vəziyyəti və sənəd statusu ilə bağlıdır. 4 otaqlı mənzillərin qiyməti isə 300,000 - 355,000 manat və daha yuxarı qiymətlərlə təklif edilir. Mənzil alıcıları üçün sənəd məsələləri və çıxarışa malik olan əmlakların tələbi önəmli rol oynayır. Eyni zamanda, qəsəbənin əsas yollarına yaxın olan mənzillər, daxili küçələrdə yerləşənlərə nisbətən daha baha qiymətləndirilir. Yeni Yasamal və Xətai rayonlarının bəzi sahələri Badamdarla rəqabət aparsa da, qiymətlər arasında 10-15% fərq var. Badamdarda torpaq sahələrinin qiymətləri də sürüşmə təhlükəsi ilə əlaqədar şəkildə dəyişir. Məsələn, 3-cü massivdə 1 sot torpaq 15,000 - 30,000 manat aralığında satılır. 1-ci və 2-ci massivlərdə isə 1 sotun qiyməti 60,000 - 100,000 manat arasında dəyişir, burada villa sahələrinin qiymətləri isə 500,000 - 720,000 manat civarındadır. Noyabrın 19-da Fövqəladə Hallar Nazirliyi torpaq sürüşməsi ilə bağlı sakinlərin təhlükəsiz əraziyə təxliyəsi üçün tədbirlər görüldüyünü açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə noyabrın 20-də ərazidəki çatların genişləndiyini və sürüşmə prosesinin davam etdiyini müəyyənləşdirib. Bu səbəblə, Badamdarda mənzil və torpaq almaq istəyən vətəndaşların geoloji vəziyyəti və tikinti imkanlarını diqqətə alması tövsiyə edilir.