Ezonn Xəbər

Qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət

Qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 25-də Azərbaycanın bütün ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti olacaq. Proqnoza görə, güclü külək əsəcək, bəzən intensiv yağış yağacaq, bəzi dağ çaylarında isə qısamüddətli sel və daşqınların yaranacağı gözlənilir. Fövqəladə Hallar Nazirliyi güclü külək zamanı müvafiq təhlükəsizlik tədbirlərinin görülməsinin önəmli olduğunu vurğulayır. Vətəndaşların yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durması xüsusi ilə tövsiyə edilir. Həmçinin, elektrik dirəyi və naqilləri ilə yanaşı, hündür ağacların altında dayanmamaq lazım olduğu bildirilib. Nazirlik, güclü külək səbəbindən yanğınların söndürülməsində çətinliklərin yarana biləcəyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tələb edir. Kiçikhəcmli gəmi istifadəçilərinə də bu cür hava şəraitində dənizə çıxmamaları tövsiyə edilir. İntensiv yağışların gözlənildiyi günlərdə bəzi çaylarda sel və daşqın təhlükəsi ilə bağlı vətəndaşların təhlükəli ərazilərdən uzaq durması tövsiyə olunur. Belə hallarla üzləşdikdə isə, dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırışlarına cavab vermək vacibdir. İldırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılması, açıq havada olarkən elektrik xətləri və hündür ağacların yaxınlığında durmamaq, avtomobildə isə hərəkəti dayandıraraq ildırımla bağlı təhlükənin bitməsini gözləmək məsləhət görülür.