MŞ: Media subyektləri şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdır

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Mətbuat Şurası, media subyektləri və jurnalistlərin informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmağı tövsiyə edir. Bu barədə Şuranın yayımladığı bəyanatda vurğulanıb ki, son dövrlərdə bəzi media nümayəndələrinin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənara çıxdığı müşahidə olunub.
Bəyanatda qeyd edilib ki, dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad etmədən yayımlanan məlumatlar, eləcə də tələsik təqdimatlar, media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur. Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur.
Media institutlarının cəmiyyəti çevik şəkildə məlumatlandırması müsbət bir yanaşmadır, lakin etibarlı faktların dəqiqliyi, məlumatların yoxlanılması və peşə etikası prinsipləri ilə bir araya gəlməlidir. Mətbuat Şurası, ictimai əhəmiyyət daşımayan şəxslərə aid məlumatların, görüntülərin yayılmasının etik standartlara uyğun olmadığını vurğulayır.
Bu prinsipin pozulması son günlər xüsusi narahatlıq doğurur. İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına, insan ləyaqətinə hörmət göstərilməsi və fərdi məlumatların qorunması əsas etik tələblərdəndir. Jurnalistikanın nüfuzuna ciddi zərbə vuran bu cür halların baş verməməsi üçün bütün jurnalistlər "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na riayət etməyə çağrılıb.