Ezonn Xəbər

“Monetri” BOKT 13%-lə 1 milyon manatlıq borc cəlb edir

“Monetri” BOKT 13%-lə 1 milyon manatlıq borc cəlb edir
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. “Monetri” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 1 milyon manat dəyərində istiqraz emissiyası həyata keçirməyi planlaşdırır. Bu emissiya çərçivəsində hər biri 100 manat nominal dəyərində olan 10 min ədəd təminatsız, faizli və sənədsiz istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. İstiqrazların illik faiz dərəcəsi 13% və tədavül müddəti isə 12 ay olacaq. Banker.az-ın məlumatına görə, istiqrazların "Bakı Fond Birjası" QSC-də kütləvi təklif üsulu ilə yerləşdirilməsi planlaşdırılır. Bu, toplam dəyəri 3 milyon manat olan emissiyanın ilk buraxılışıdır. Buraxılışdan əldə ediləcək vəsait "Monetri" BOKT-un kredit portfelinin genişləndirilməsinə və kreditləşmə fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək. "Monetri" BOKT, bank kreditlərindən asılılığı azaltmağı və birbaşa investorlardan maliyyə resursları cəlb etməyi hədəfləyir. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter olaraq “İnno Kapital İnvestisiya Şirkəti” ASC seçilib. Təşkilat fiziki şəxslərə, fərdi sahibkarlara və hüquqi şəxslərə kredit xidmətləri təqdim edir. Şirkət, əvvəllər "PSG Finans" adı altında fəaliyyət göstərirdi və "TBC Kredit" BOKT-un kapitalında 100%-lik iştirak payı vardır. "Monetri" BOKT-un nizamnamə kapitalı 10 milyon manatdır. Şirkətin 83%-lik hissəsi Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Practical Solutions Middle East FZ LLC" şirkətinə aiddir. 2026-cı ilin birinci yarısını 1,57 milyon manat xalis mənfəətlə başa vuran "Monetri", aktivlərini 2025-ci ilin sonu ilə müqayisədə 10,4% artıraraq 38,86 milyon manata çatdırmışdır. Öhdəlikləri isə 13,3% azalaraq 9,45 milyon manata enmişdir. Şirkət, 2025-ci il üçün 5,44 milyon manat xalis mənfəət əldə etməyi planlaşdırır.