Rusiya Finlandiya ilə sərhəddə 11 min əsgər toplayır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya hakimiyyəti, 2024-cü ildən etibarən Leninqrad Hərbi Dairəsi çərçivəsində NATO ilə sərhəddə hərbi gücünü artırmağa davam edir. Qərb kəşfiyyatının məlumatına əsasən, bu dairənin qüvvələrinin alyansa qarşı mübarizədə istifadə ediləcəyi gözlənilir.
"Yle" telekanalının məlumatına görə, Finlandiya ilə sərhəd üzrə ən iri hərbi qarnizonda genişmiqyaslı modernləşdirmə işləri həyata keçirilir. Belə ki, Kamenka kəndində 11 minə qədər əsgərin xidmət edəcəyi nəzərdə tutulur. Kamenka, Leninqrad vilayətinin Vıborq rayonunda yerləşir və burada artıq sovet dövründən fəaliyyət göstərən hərbi şəhərcik bərpa edilir.
Ekspert Marko Eklundun dediklərinə görə, peyk görüntüləri bölgədəki hərbi inşaatların köhnəlmiş obyektlərin sökülərək yeniləri ilə əvəz edildiyini göstərir. Kamenka, əvvəllər 4,500 əsgər və zabitdən ibarət briqada ilə fəaliyyət göstərirdi. Lakin Ukraynada baş verən müharibə müddətində burada diviziya yaradılması planlaşdırılır və hərbi qulluqçuların sayı 2,5 dəfə artırılacaq.
Bununla yanaşı, yeni yaşayış binaları və kazarmaların inşası da həyata keçirilir. Ümumi yenidənqurma işləri 22 yaşayış bina və 1,600 mənzili əhatə edir. Hal-hazırda isə Kamenkada təxminən 8,000 nəfər yaşayır. Rusiya, Finlandiya ilə sərhəddə yerləşən digər hərbi bazaları da bərpa edir. Bu bazalar arasında Petrozavodskdakı "Rıbka" və "Novaya Vilqa", eləcə də Alakurtti, Lupçe-Savino və Peçenqa mövcuddur.