100 manatlıq rüsum 25 manata endirilir

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsi müzakirə olunub. Qanun layihəsinə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdan azaldılaraq 25 manat müəyyən edilib.
Yeni qanun layihəsi həmçinin, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsi zamanı dövlət rüsumunun həddinin iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılmasını nəzərdə tutur. Bu dəyişikliklər, ərizəçilərin “əmr icraatı” çərçivəsində daha operativ şəkildə hüquqi müdafiə almaq imkanı əldə etmələrini təmin edəcək.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə, “əmr icraatı”, müəyyən pul məbləğinin ödənilməsi və ya əmlakın tələb edilməsi ilə bağlı olan mübahisəsiz tələblər üçün tətbiq olunur. Məhkəmə əmri, tələb daxil olan gündən üç gün ərzində çıxarılır və bu, özü icra sənədi hesab edilir.
Hazırda, qüvvədə olan qanunvericiliyə görə, 100 manat dövlət rüsumu tutulur. Yeni dəyişikliklə, “əmr icraatı”na dair rüsumların azaldılması, mübahisəsiz tələblərin də daha sürətli və səmərəli həllinə xidmət edəcəkdir. Eyni zamanda, mübahisələndirilən hissə üzrə rüsumun məhdudlaşdırılması, şikayət verənlərin xərclərinin azalmasına səbəb olacaq.
Beləliklə, qanun layihəsinin qəbul edilmesi, hüquqi müdafiənin daha əlçatan olmasını və məhkəmə resurslarının daha səmərəli istifadəsini təmin edəcək.