Ezonn Xəbər

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Bakıda genişləndirilmiş görüş keçiriblər

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Bakıda genişləndirilmiş görüş keçiriblər
Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir. Bakıda, 24 noyabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın baş nazir müavini, xarici işlər naziri Maka Boçorişvili arasında genişləndirilmiş görüş baş tutub. Görüş zamanı iki ölkənin ikitərəfli əlaqələrinin bütün aspektləri, strateji tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı perspektivlər müzakirə edilib. Nazirlər, iki ölkə arasındakı uzunmüddətli dostluq və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Bu münasibətlər tarixi bağlılıqlara, qarşılıqlı hörmətə və etimada əsaslanır. Yüksək səviyyədə əlaqələrin, siyasi konsultasiyaların və digər institutların roluna da diqqət yetirilib. Görüşün bir başqa önəmli mövzusu iqtisadi və ticarət əlaqələri olub. Tərəflər qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin diversifikasiyası və sonuncu İkitərəfli İqtisadi Əməkdaşlıq Müşavirəsinin əldə etdiyi razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti barədə müzakirələr aparıblar. Nazirlər, ikitərəfli enerji əməkdaşlığının regional və beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edərək, təbii qaz və elektrik təchizatı ilə bağlı imkanları müzakirə ediblər. Həmçinin, Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Bolqarıstanın iştirakilə yaşıl enerji sahəsindəki əməkdaşlığın da əhəmiyyətini vurğulayıblar. İki ölkənin turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əlaqələrinin genişləndirilməsi də mühüm məsələlərdən biri olaraq müzakirə edilib. Bayramov, Ermənistan ilə iqtisadi əlaqələrin inkişafı istiqamətində konkret addımlar atdığına dair Gürcüstan həmkarını məlumatlandırıb, bu istiqamətdə Gürcüstanın rolu yüksək qiymətləndirilib.