İranda alkoqollu içkilərdən zəhərlənmədən 20 nəfər ölüb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İranda son dövrlərdə alkoqollu içkilərdən zəhərlənmə nəticəsində 20 nəfərin vəfat etdiyi bildirilir. Bu hadisələr, İranın bir neçə şəhərində baş verib və zəhərlənmələrin sayı 356-a çatıb.
İran Səhiyyə Nazirliyinin müalicə məsələləri üzrə nazir müavini Səccad Rəzəvi, noyabrın 1-dən bu yana qeydə alınan zəhərlənmə halları ilə bağlı ətraflı məlumat təqdim edib. O, 187 nəfərin xəstəxanayad yerləşdirildiyini, 142 nəfərin isə evə buraxıldığını bildirib.
Nazir müavininin açıqlamalarına görə, zəhərlənənlərdən 80 nəfərə dializ müalicəsi tətbiq olunub. Üstəlik, 16 nəfərdə görmə bulanıqlığı yarandığı və 33 nəfərin reanimasiya şöbəsində müalicə aldığı qeyd edilib. Zəhərlənmə halları doqquz müxtəlif şəhərdə qeydə alınıb və zərərçəkənlərin orta yaşı 30-dır.
Rəzəvi, zəhərlənmə əlamətləri olan şəxslərin dərhal tibb müəssisələrinə müraciət etmələrinin vacibliyini vurğulayıb. O, ailələri zəhərlənmə əlamətlərinə qarşı daha diqqətli olmağa çağırıb, hər hansı şübhəli hal zamanı simptomların ağırlaşmasını gözləmədən müvafiq tibbi yardıma müraciət etmələrini tövsiyə edib.