Mona Liza”nın 500 illik sirri: Dünyanı heyrətləndirən qadın kimdir?

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Leonardo da Vinçinin “Mona Liza” tablosu, dünyanın ən məşhur rəsm əsəri olmaqla yanaşı, 500 ildən artıqdır ki, insanların diqqətini cəlb edir. Bu əsərin qarşısında milyonlarla insan dayanaraq, onun üzərində müzakirələr aparır. Ancaq bu rəsm əsərinin bütün sirləri hələ açılmamışdır.
Ən geniş qəbul edilən versiyaya görə, tabloda 1479-cu ildə İtaliyanın Florensiya şəhərində doğulmuş Liza Gerardini təsvir olunub. O, varlı ipək taciri Françesko del Cakondo ilə 1495-ci ildə ailə həyatı qurmuş və altı övladı dünyaya gətirmişdir. İddia edilir ki, həyat yoldaşı onun portretini çəkdirmək üçün Leonardo da Vinçiyə müraciət etmişdir.
2005-ci ildə Almaniyanın Heydelberq Universitetinin kitabxanasında tapılmış bir tarixi sənəd, Liza del Cakondonun portretinin çəkilməsi ilə bağlı 1503-cü ilin oktyabrına aid bir qeydi əhatə edir. Bu sübut, qadının kimliyi ilə bağlı mühüm təsdiq kimi dəyərləndirilir.
“Mona Liza”nın qeyri-adi təbəssümü barədə müxtəlif teoriyalar irəli sürülmüşdür. Bəzi alimlər, portretin Leonardo da Vinçinin öz avtoportreti olduğunu iddia etsələr də, bu fikirlərə də müvafiq tarixi sübutlar yoxdur. Harvard Universitetinin neyrobioloqu Marqaret Livinqston, qadının təbəssümünün və gözlərinin təsirinin insanın görmə sisteminin özünəməxsus xüsusiyyətləri ilə bağlı olduğunu bildirir.
Daha maraqlı olan isə, azərbaycanlı alimlərin də “Mona Liza”nın təbəssümü ilə bağlı araşdırmalar aparmasıdır. Oftalmoloq Paşa Qəlbinur, bu mövzuda bir monoqrafik esse yazaraq, portreti tibbi, psixoloji və fəlsəfi kontekstdə araşdırmışdır. Onun mülahizələri, əsərin yalnız sənət əsəri olmayaraq həm də insan psixologiyasının dərin təhlilini təqdim edir.