Yol polisi küləkli hava ilə bağlı xəbərdarlıq etdi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti, xüsusilə də küləkli hava ilə bağlı təhlükələri önləmək məqsədilə sürücülərə xəbərdarlıq edib. BDYPİ, hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi riayət etməyi və ehtiyatlı olmağı xahiş edib.
BDYPİ-nin verdiyi məlumata görə, qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sürücüləri daha məsuliyyətli davranmalıdır. Küləkli hava şəraitinin hərəkəti çətinləşdirdiyi və təhlükəli hala gətirdiyi vurğulanıb. Sürücülərə, daşıdıqları yüklərin düzgün qablaşdırılması ilə yanaşı, nəqliyyat vasitələrini sürüşmə, aşma təhlükəsi olan yerlərdən kənarda saxlamaları tövsiyə edilib.
Eyni zamanda, sürücülərin park edərkən qapalı məkanları seçmələri də məsləhət görülüb. Açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsinin məhdudlaşdığı da qeyd edilmişdir. Bu vəziyyətdə sürücülərin sürət həddini, ara məsafəsini nəzarətdə saxlamaları, ötmə və manevretmə zamanı daha ehtiyatlı olmaları tövsiyə olunur.
Piyadalara da xəbərdarlıq edilib, mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda öz təhlükəsizliklərini və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atacaq davranışlardan çəkinməlidirlər.