Ezonn Xəbər

Naxçıvanın rayonlarının gəlir və xərcləri açıqlanıb – Siyahı

Naxçıvanın rayonlarının gəlir və xərcləri açıqlanıb – Siyahı
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsinin gəlir və xərclərinin hər biri 510 milyon manat olaraq planlaşdırılıb. Gəlirlərin 61 faizi muxtar respublikanın öz daxili mənbələrindən, qalan hissəsi isə dövlət büdcəsindən ayrılan dotasiya vasitəsilə təmin ediləcək. Bu büdcə layihəsinə əsasən, 312 milyon manat muxtar respublikanın vergilər, rüsumlar və digər ödənişlərindən, 198 milyon manat isə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılacaq dotasiyadan formalaşacaq. Beləliklə, gəlirlərin 61,2 faizi yerli mənbələrdən, 38,8 faizi isə dövlət büdcəsindən transfert ilə ödəniləcək. Büdcənin gəlirlərinin əsas mənbələrindən biri aksizlərdir və bu istiqamət üzrə 104 milyon manat proqnozlaşdırılır. Həmçinin fiziki şəxslərin gəlir vergisindən 86,3 milyon manat, əlavə dəyər vergisindən isə 79 milyon manat daxilolma gözlənilir. Həmçinin, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən 750 min manat, hüquqi şəxslərin əmlak vergisindən isə 500 min manat gözlənilir. Büdcə xərclərinin əksəriyyəti təhsil, hüquq-mühafizə orqanları və ümumi dövlət xidmətlərinə ayrılacaq. Təhsilə 160 milyon 474 min manat ayrılması planlaşdırılıb ki, bunun 119 milyon 215 min manatının ümumi təhsilə, 9 milyon 404 min manatının məktəbəqədər təhsilə sərf edilməsi nəzərdə tutulur. Hüquq-mühafizə sahələrinə isə 90 milyon manatdan artıq vəsait yönləndiriləcək.