Həmyerlimiz İsveçdə yüksək vəzifəyə seçildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
İsveçdə yaşayan azərbaycanəsilli siyasətçi Turan Əliyev, əhalisinin sayına görə bu ölkənin ikinci ən böyük regionu olan Vestra Hötalandın Logistika üzrə İdarə Heyətinin 2027-2030-cu illər üçün əsas üzvü seçilib. Bu, T. Əliyevin siyasi fəaliyyətinin əhəmiyyətli bir addımıdır.
Vestra Hötaland regionu, İsveçin 21 regionundan biridir və 49 bələdiyyəni əhatə edir. Regionun əhalisi təxminən 1,8 milyon nəfərdir. Logistika üzrə İdarə Heyəti, səhiyyə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm strateji rol oynayır. Bu qurum, xəstəxanaların tibbi ləvazimatlarla vaxtında təmin edilməsi və təchizat sistemlərinin siyasi rəhbərliyi üçün məsuliyyət daşıyır.
İdarənin vəzifələri arasında krizis və müharibə şəraitində səhiyyə müəssisələrinin təchizatını təmin etməyə hazırlıq, büdcə vəsaitinin səmərəli istifadəsi və xidmət keyfiyyətinə nəzarət yer alır. Eyni zamanda, resursların qənaətlə istifadə olunması və ekoloji dayanıqlılığın təmin edilməsinə də xüsusi diqqət yetirilir. İdarə heyətinin üzvləri arasında 1500 əməkdaş fəaliyyət göstərir.
Turan Əliyev, eyni zamanda, İsveçin Partille şəhər Bələdiyyə Şurasının Mədəniyyət və Asudə Vaxt Komitəsinin sədrinin birinci müavini və Partille Bələdiyyə Şurasının deputatıdır. O, 2027-ci il yanvarın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq və 2030-cu ilin sonuna qədər burada fəaliyyət göstərəcək.