ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
ABŞ hüquq-mühafizə orqanları mart ayının əvvəllərindən başlayaraq ölkə tarixində dələduzluqla mübarizə üzrə ən böyük əməliyyatda kiberdələduzluqdan zərər çəkmiş vətəndaşlara 8 milyard dollardan çox vəsaiti qaytara bilib. Bu barədə ABŞ-ın ədliyyə naziri Todd Blanş Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verib.
Blanşın sözlərinə görə, mart ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən kiberdələduzluqla mübarizə haqqında fərman imzalanandan etibarən 85 federal məhkəmə dairəsində 400-dən çox iş açılıb. Bu işlər çərçivəsində məhkəmə və ekstradisiya prosedurlarında 800-dən çox şəxsin adı keçib, onların bəziləri artıq öz təqsirini etiraf edib.
"Biz dələduzların qurbanlarına itirə biləcəkləri 8 milyard dollardan çox vəsaiti qaytarmağa nail olduq. Bu, tarixdə dələduzluqla mübarizə üzrə ən əhəmiyyətli əməliyyatlardandır," - T.Blanş qeyd edib.
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel isə kiberdələduzluq əməliyyatları zamanı qanunsuz yolla əldə olunmuş 17 milyard dollar vəsaitin və 14 mindən çox rəqəmsal cihazın müsadirə edildiyini açıqlayıb. Həmçinin, o, əməliyyat çərçivəsində dörd qitədə 29 dələduz cinayətkar təşkilatının fəaliyyətinin ifşa edildiyini vurğulayıb.