İşlənmiş qızılı yeni adı ilə satırlar, necə ayırd etmək olar? - VİDEO

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Qızıl bazarında ikinci əl zinət əşyalarının satışı artmaqdadır. Vətəndaşlardan toplanan qızıllar, təmizlənib cilalanaraq, vitrinlərdə təqdim olunur. Lakin bəzən bu məhsulların etiketi dəyişdirilərək yeni adı ilə alıcılara satılır. Bu məsələ, alıcılar arasında suallara səbəb olmağa başlayıb.
Satıcıların məlumatına görə, ikinci əl bazarında xüsusilə Rusiya istehsalı olan qızıl məmulatları daha çox üstünlük təşkil edir. İşlənmiş zinət əşyalarının alıcıya təqdim olunması isə satıcının yanaşmasına bağlıdır. Satıcılardan biri qeyd edir: "Qızılı yuyub təmizləyirik, sonra vitrinə qoyuruq. Alıcıya onu həm yeni, həm də ikinci əl kimi təqdim edə bilərik. Qızılın üzərində cızıq, əzik ya da kir varsa, işlənmiş olduğunu anlamaq mümkündür. Eyni zamanda, belə izlər görünməyəndə onu ayırd etmək çətindir."
Bəzi alıcılar isə ikinci əl qızılı daha sərfəli hesab edirlər. Onların fikrincə, yeni əşyalar alarkən daha çox ödəməli olur, lakin sonradan satanda həmin qiymətin xeyli aşağı olduğunu görürlər. Bu səbəbdən ikinci əl məhsullara maraq artıb.
Zərgərlər, alıcılara zinət əşyalarının üzərindəki xırda cızıqlara, batıqlara və aşınma izlərinə diqqət yetirməyi tövsiyə edirlər. Onların sözlərinə görə, az çəkili 585 əyarlı zəncir və qolbaqlarda aşınmış hissələr daha tez qırıla bilər.
Məlumatlara əsasən, 10 qramlıq 585 əyarlı yeni zinət əşyası 1 450–1 600 manata, eyni çəkidə və əyarda ikinci əl məmulat isə 1 150–1 350 manata satılır.