400 tondan artıq təhlükəli toyuq ətinin dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Bu barədə Azərbaycanın Baş Prokurorluğu və Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-nin saxlama anbarlarında yararlılıq müddəti başa çatmış və korlanma əlamətləri müşahidə olunmuş toyuq əti məhsulları aşkarlanıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində fakt ələ keçirilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar zamanı, Cəmiyyətin rəhbərliyi olan Mirzəyev Mahir Hökümalı oğlu, Usubov Elşən Namiq oğlu və Məmmədov Nazim Bahadur oğlu tərəfindən, insan həyatı üçün təhlükəli olan toyuq ətinin yararlı məhsullarla birlikdə satışa hazırlandığı məlum olub.
Toplanmış sübutlar əsasında, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələri barədə qərar qəbul edilib. Usubov Elşən həbs olunub, digərləri isə ev dustaqlığına alınıb.
Hal-hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. İstintaqın nəticələri ilə bağlı ictimaiyyət məlumatlandırılacaqdır.