“Azərsun Holdinq”in istehsalat müəssisələrinə birgə infotur keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən SƏTƏM üzrə əməkdaşların iştirakı ilə “Azərsun Holdinq”in Sumqayıtda yerləşən istehsalat müəssisələrinə birgə infotur təşkil edilib. Bu tədbirin məqsədi müəssisələrin istehsal fəaliyyətini, əmək şəraitini və əməyin mühafizəsi sahəsində görülən işləri yerində araşdırmaqdır.
İnfotur zamanı iştirakçılar Azərsun Kağız və Karton İstehsalat Korporasiyasına aid olan Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikini ziyarət ediblər. Tədbir çərçivəsində qonaqlara istehsalat prosesləri, təhlükəsizlik qaydaları və əməkdaşlar üçün yaradılmış şəraiti ətraflı izah edilib.
Səfər ərzində fərdi mühafizə vasitələrinin istifadəsi, təhlükəsizlik qaydalarına əməl olunması və əməkdaşların maarifləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, sosial şərait, yeməkxanalar və digər imkanlarla da tanışlıq həyata keçirilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər, əməkdaşların gündəlik rahatlığını artırmağı hədəfləyir.
Müzakirələrdə həmçinin, fabrik nümayəndələri və SƏTƏM mütəxəssisləri təhlükəsizlik yanaşmaları, iş şəraiti və əməkdaşların rifahının artırılması üzrə həyata keçirilən tədbirlər haqqında məlumat vermişlər. Tərəflər, əməyin mühafizəsi sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, gələcəkdə birgə maarifləndirmə tədbirlərinin təşkilinin zəruriliyini qeyd ediblər.