Ezonn Xəbər

“Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur keçirildi

“Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur keçirildi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. “Azərsun Holdinq”in Sumqayıtda fəaliyyət göstərən istehsalat müəssisələrində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə birgə infotur təşkil edilib. Bu tədbirin əsas məqsədi müəssisələrin istehsal prosesləri, əmək şəraiti və əməyin mühafizəsi sahəsindəki fəaliyyətlərlə yerində tanış olmaqdan ibarət olub. Infotur çərçivəsində Azərsun Kağız və Karton İstehsalat Korporasiyası nəzdindəki Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikinə baxış keçirilib. Burada iştirakçılara fabrikin istehsalat fəaliyyəti, texnoloji proseslər, təhlükəsizlik qaydaları və iş mühiti ilə bağlı ətraflı məlumat verilib. Tədbir zamanı fərdi mühafizə vasitələrinin istifadəsi və iş yerlərində təhlükəsizlik qaydalarına riayət edilməsi vurğulanıb. Eyni zamanda, əməkdaşların maarifləndirilməsi və istehsalat sahələrində təhlükəsiz iş mühitinin təmin edilməsi mövzularına xüsusi diqqət yetirilib. Müəssisələrdə əməkdaşların gündəlik rahatlığı üçün yaradılmış sosial imkanlar, yeməkxanalar və digər şərait ilə tanışlıqda keçirilib. Görüşlər zamanı fabrikin nümayəndələri və SƏTƏM mütəxəssisləri, təhlükəsizliyin artırılması məqsədilə tətbiq olunan yanaşmalarla bağlı fikir mübadiləsi aparıblar. Bu infoturun təşkili “Azərsun Holdinq” və AHİK arasında əməkdaşlığı gücləndirmək, istehsalat müəssisələrində təhlükəsiz əmək mühitini təşviq etmək və gələcək layihələr üçün yeni imkanlar müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Eyni zamanda, “Azərsun Holdinq” istehsalatda insanların sağlamlığı və təhlükəsizliyinə davamlı olaraq önəm verir.