Ezonn Xəbər

Azərbaycanda qədim yaşayış məskəni tapıldı

Azərbaycanda qədim yaşayış məskəni tapıldı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Beyləqan rayonunun Təzəkənd kəndində arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı çiy kərpicdən döşəmə və bişmiş qırmızı kərpicdən hörgü izləri aşkar edilib. Bu tapıntılar Mil düzündəki qədim yaşayış yerinin müxtəlif dövrlərdə məskunlaşmasını sübut edir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun məlumatına görə, ekspedisiya 2026-cı ilin iyul ayında kəşfiyyat işləri aparıb. Avqustda yoxlama şurfu qoyulub, daha sonra isə sentyabrın 14-dən oktyabrın 13-dək qazıntılar həyata keçirilib. Tədqiqat altı kvadrat üzrə aparılaraq, mədəni qatın təxminən bir metr dərinliyədək davam etdiyi məlum olub. Qazıntılarda A kvadratında 40 × 35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə bişmiş qırmızı kərpicdən hörgü qalıqları aşkar olunub. Eyni zamanda, keramika nümunələri, tikinti materialları və sümük qalıqları da toplanaraq sənədləşdirilib. Təzəkənd abidəsinin kəşfi ilk dəfə 1936-cı ildə İ.P. Şeblıkin tərəfindən yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Sonrakı sistemli tədqiqatlar 1953-1957-ci illərdə A.A. İessenin rəhbərliyi altında həyata keçirilib. 1957-ci ildə Q.M. Əhmədov tərəfindən aparılan şurf zamanı mədəni təbəqənin 3,5 metrə qədər davam etdiyi aşkar edilib. Aşkarlanan keramika nümunələri və Oktavian Avqust dövrünə aid gümüş denarilər məskunlaşmanın eramızdan əvvəl II–I əsrlərdən, eramızın V-VII əsrlərinədək davam etdiyini göstərir. Alimlərin elmi qənaətinə görə, Təzəkənd abidəsi ilk orta əsrlərdə Paytakaran şəhərinin qalıqları ilə eyniləşdirilir. Bu qənaətin doğruluğunu yoxlamaq üçün qazıntı sahəsinin genişləndirilməsi və yeni materialların əldə edilməsi zəruridir.