Martin Ryanla birgə həbs olunan Azad Məmmədli kassasiya şikayətini geri götürüb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Fransaya casusluqda ittiham edilən Martin Ryanla birgə dövlətə xəyanətlə təqsirləndirilən Azad Məmmədli kassasiya şikayətini geri götürüb. Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Məmmədli şikayətini geri götürməklə bağlı məhkəməyə ərizə təqdim edib.
Məhkəmə Azad Məmmədlinin müraciətini qəbul edərək şikayətin geri alındığını təsdiqləyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azad Məmmədli 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlamışdı.
Mart ayının 23-də Prezident İlham Əliyev, Fransaya casusluq etməkdə təqsirləndirilən Martin Ryana əfviyyat verib. İttihama görə, Ryan, Azərbaycan Respublikasında istehsal olunan silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi və xaricdə fransız dilində təhsil alan şəxslərlə bağlı məlumatların toplanmasında şübhəli hesab edilib.
Eyni zamanda, Martin Ryanın Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürdüyü bildirilir. Məmmədliyə, görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd edildiyi iddia olunub.
Təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunublar. Martin Ryana qarşı casusluq ittihamı irəli sürüldüyü, Azad Məmmədliyə isə dövlətə xəyanət maddəsi ilə ittiham edildiyi məlumdur.