Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda banklar və elektron pul təşkilatları, eyni cihazdan bir neçə müştərinin hesablarına daxilolma halları ilə bağlı ciddi nəzarət tədbirləri tətbiq etməyə başlayır. Bu qaradakı yeni mexanizmlər, maliyyə fırıldaqçılığının qarşısını almaq məqsədini güdür.
Azərbaycan Mərkəzi Bankı (AMB), ölkənin maliyyə sektorunda rəqəmsal dələduzluq risklərini azaltmaq üçün bank və ödəniş təşkilatlarına yeni tələblərlə bağlı tövsiyələr göndərib. AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov, Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bu məsələyə dair ətraflı məlumat verib.
Cuvarovun sözlərinə görə, yeni tövsiyələr arasında istifadə olunan cihazların etibarlılığının yoxlanılması və eyni cihazdan müxtəlif müştərilərin hesablarına giriş cəhdlərinin müəyyənləşdirilməsi ön plandadır. Həmçinin, yeni cihazlardan edilən girişlərə nəzarət edilməsi də tövsiyə olunub.
Bundan əlavə, tokenləşdirmə, bank əməliyyatlarının real vaxt rejimində monitorinqi və pul vəsaitlərini qəbul edən tərəflə bağlı nəzarət mexanizmlərinin tətbiqi planlaşdırılır. Mərkəzi Bank, maliyyə qurumlarından gələcəkdəki təhlükəsizlik sistemləri və bu sahədəki boşluqlar barədə məlumatlar toplayır. Bu məlumatların analizi ilin sonuna qədər, ən gec gələn ilin əvvəlinə qədər başa çatdırılacaq. Təhlil nəticəsində banklara əlavə tövsiyələr göndərilməsi və ya yeni təhlükəsizlik tədbirlərinin müəyyənləşdirilməsi mümkündür.