Ezonn Xəbər

İranda enerji böhranı: Ölkəni iqtisadi problemlər çökdürür

İranda enerji böhranı: Ölkəni iqtisadi problemlər çökdürür
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İran noyabr ayının 22-dən başlayaraq, ölkəyə dair planlı elektrik kəsintilərinə start verib. Prezident Məsud Pezeşkian və enerji rəsmiləri, qarşıdakı qışın ölkə üçün çətin olacağını, eyni zamanda, "enerji disbalansı" ilə üzləşdiklərini bildirərək əhalini qənaət etməyə çağırmışlar. Bu çərçivədə, İranın dövlət elektrik şirkəti "Tavanir" tərəfindən həyata keçirilən kəsintilər, gündə iki saat müddətində, əsasən gündüz saatlarında (10:00–14:00 aralığında) gerçəkləşir. İran Milli Qaz Şirkəti, 11 vilayətdə qaz təzyiqinin kəskin olaraq düşəcəyini açıqlayıb. Hesabatlara görə, istehlakın azalmaması halında, paytaxt Tehran da qaz kəsintilərindən əziyyət çəkəcəkdir. Enerji limitləri, İranın qış aylarında ciddi çətinliklərlə üzləşəcəyini göstərir. İqtisadçı ekspert Anar İsayevin verdiyi məlumata əsasən, enerji istehlakına qoyulan məhdudiyyətlər, ölkədə iqtisadi böhranın daha təhlükəli mərhələyə keçdiyini göstərir. O, bu vəziyyətin davam etməsi halında, güclü siyasi təhlükələr yarada biləcəyini qeyd edib. İsayev, enerji çatışmazlığının istehsal sahələrinə, məşğulluğa və ümumi iqtisadiyyata mənfi təsir göstərəcəyini vurğulayır. Uzunmüddətli investisiya çatışmazlığı, köhnəlmiş infrastruktur və sanksiyalar bu problemlərin arxasında duran əsas səbəblərdir. Daha geniş sosial narazılığın meydana gəlməsi riskinin olduğunu qeyd edən ekspert, alıcılıq qabiliyyətinin azalması, inflyasiya və işsizlik probleminin də durumun çətinləşdirdiyini bildirib. ABŞ-ın maksimum təzyiq siyasəti isə ölkənin beynəlxalq maliyyə və investisiya imkanlarını məhdudlaşdırır. İsayev, iqtisadi böhranın hakimiyyət dəyişikliyinə səbəb olacağına inanmadığını ifadə edərək, İranın təhlükəsizlik strukturlarının böhran dövründəki davranışını önə çəkib. Onun fikrincə, indiki durumu daha da çətinləşdirəcək amil, yoxsulluğun geniş miqyaslı etirazlara səbəb olmasıdır.