Ezonn Xəbər

Kərimovanın daha 252,5 milyon dolları geri qaytarılır

Kərimovanın daha 252,5 milyon dolları geri qaytarılır
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. İsveçrə, mərhum Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın mülklərindən daha 252,5 milyon dolları Daşkəndə geri qaytaracağını açıqlayıb. Bu qərar Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənib. Nazirliyin dərc etdiyi məlumata görə, qaytarılacaq vəsaitlər "İşonç – 2030" trast fondu vasitəsilə Özbəkistan vətəndaşlarının sosial rifahının artırılması və insan kapitalının inkişafına yönəldiləcək. Özbəkistan və İsveçrə, 2022-ci ilin avqustunda Kərimova ilə bağlı cinayət işi çərçivəsində təxminən 131 milyon dolların qaytarılmasına dair ilk müqaviləni imzalayıb. 2025-ci ilin fevralında isə əlavə olaraq 182 milyon dolların qaytarılması ilə bağlı yeni bir razılaşma əldə edilib. Bu razılaşmalar nəticəsində, indi qədər qaytarılan vəsaitlərin ümumi məbləği 313 milyon dollar olub. Kərimovanın aktivlərinin ümumi dəyəri, müxtəlif ölkələrdə, o cümlədən Fransa, ABŞ və Latviyada, təxminən 1,4 milyard dollar qiymətləndirilir. Bu əməliyyatların Özbəkistanın iqtisadiyyatına müsbət təsir edəcəyi gözlənilir.