Ezonn Xəbər

“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir

“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev başçılıq etdiyi nümayəndə heyəti ilə Pakistan İslam Respublikasına səfər edib. Səfər çərçivəsində Baş nazir Məhəmməd Şahbaz Şərif nümayəndə heyətini qəbul edib və “Pakistan ASAN xidmət” mərkəzinin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Görüş zamanı, Pakistanda “ASAN xidmət” mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür ifadə olunub. Baş nazir, bu mərkəzi ölkəyə böyük ictimai xidmət təqdim edən mühüm təşəbbüs kimi qiymətləndirib. O, xidmətlərin vahid bir məkanda təqdim edilməsində əsaslı dəyişikliklər yaradacağını vurğulayıb. Müzakirələr zamanı “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün mütəxəssislər tərəfindən aparılan auditin nəticələri də qiymətləndirilmişdir. Audit hesabatında əks olunan təkmilləşdirmə istiqamətləri prioritet qaydada icra olunacaq. Eyni zamanda, Baş nazir, Azərbaycanın müvafiq təcrübəsinə əsaslanaraq, yeni bir səlahiyyətli qurumun yaradılması ilə bağlı tapşırıqlar verib. “Pakistan ASAN xidmət” modelinin bölgələrdə tətbiqi və xidmət şəbəkəsinin genişləndirilması məqsədilə əyalət hökumətləri ilə əməkdaşlığın artırılması planlaşdırılır. Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri arasında da görüş keçirilib və genişlənmə istiqamətində müzakirələr aparılıb.