Korrupsiyaya qarşı mübarizə və şəffaflıq məsələləri müzakirə edilib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) korrupsiyaya qarşı mübarizə və idarəetmədə şəffaflığın artırılması mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.
Görüşdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində DVX tərəfindən həyata keçirilən tədbirlər təqdim edilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində görülən işlərə diqqət çəkərək, bu sahədə tədbirlərin davamlılığının vacibliyini ön plana çıxarıblar.
Dəyirmi masada həmçinin korrupsiya halları, vergi orqanları əməkdaşlarının hərəkətləri və müraciətlərin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vergi ödəyicilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırılması, müraciət və şikayətlərə baxılması məsələləri müzakirə olunub.
Görüş zamanı vətəndaş cəmiyyətinin nümayəndələrinin rəy və təklifləri dinlənilib, maraqlandıran suallar cavablandırılıb. Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.