Ezonn Xəbər

Bakıda ictimai nəqliyyatda gediş 1 qəpik olacaq

Bakıda ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Bu axşam, 25 noyabr tarixində, Bakı şəhərində keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə, ictimai nəqliyyatda gediş yalnız 1 qəpik (0,01 AZN) olacaq. Bu kampaniya "BakıKart" və Mastercard arasında birgə həyata keçirilir. Sərnişinlər, 18:00-dan 01:00-dək keçiriləcək kampaniya çərçivəsində Mastercard kartları ilə təmassız (NFC) ödəniş etdikdə əhəmiyyətli güzəştdən yararlana biləcəklər. Güzəşt yalnız yerli və xarici banklar tərəfindən emissiya olunmuş Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə edilən təmassız ödənişlərə aiddir. Kampaniya, Bakı ərazisində NFC ödənişlərinin mövcud olduğu metro və avtobuslarda tətbiq olunacaq. Güzəştli gediş üçün heç bir məhdudiyyət nəzərdə tutulmayıb, yəni sərnişinlər istədikləri qədər bu imkandan istifadə edə biləcəklər. Təşəbbüs, futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli etməyə, ictimai nəqliyyatdan istifadəni artırmağa və təmassız ödənişləri təşviq etməyə yönəlmişdir. "BakıKart" daim sərnişinlərin ödəmə imkanlarını artırmağa çalışır.