Bakıda ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
"BakıKart" və "Mastercard" 25 noyabr tarixində Bakıda baş tutacaq "Sabah" – "Barselona" matçı münasibətilə sərnişinlər üçün xüsusi bir kampaniya elan edib. Kampaniya çərçivəsində sərnişinlər saat 18:00-dan 01:00-dək, yalnız "Mastercard" kartları ilə təmassız ödəniş həyata keçirərək ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.
Güzəşt yalnız yerli və xarici banklar tərəfindən təqdim olunan "Mastercard" kartları ilə, "Apple Pay" və "Google Pay" xidmətləri vasitəsilə edilən təmassız (NFC) ödənişlərə şamil edilir. Kampaniya həm metro, həm də avtobuslar üzrə NFC ödənişlərinin aktiv olduğu Bakı ərazisini əhatə edir.
Kampaniya müddətində sərnişinlərin istifadə edəcəyi güzəştli gedişlərin sayına məhdudiyyət qoyulmayıb. Təşəbbüsün məqsədi futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli şəkildə təmin etmək, ictimai nəqliyyatdan istifadəni artırmaq və təmassız ödənişlərin genişləndirilməsini təşviq etməkdir.
"BakıKart" müştərilərinə yeni ödəniş imkanları və güzəştlər təqdim edərək, ictimai nəqliyyatda rahatlığı artırmağa davam edir. Bu kampaniya ilə, futbolsevərlərin Bakıda keçirəcəyi vaxt daha rahat və sərfəli olacaq.