“Rabitabank Gaming League” turniri uğurla başa çatdı

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Rabitəbankın Visa-nın dəstəyi ilə həyata keçirdiyi “Rabitabank Gaming League” turniri böyük final tədbiri ilə yekunlaşıb. Oyun həvəskarlarının bir araya gəldiyi bu turnir, 207 kapitanın komandaları ilə iştirak etdiyi 10 gün davamlı rəqabətdə keçirildi.
Turnirin ilk 8 günü onlayn formatda baş tutdu, son 2 günü isə canlı qarşılaşmalarla başa çatdı. 22 noyabr 2026-cı il tarixində “Elektra Events Hall”da keçirilən final mərasimi, əyləncəli bir festival atmosferində keçdi. Final mərhələsində nümayiş olunan yüksək oyun performansı və gərgin mübarizələr tədbirin həyəcanını daha da artırdı.
“Counter-Strike 2” (CS2) üzrə keçirilmiş turnirin yarımfinal və final qarşılaşmalarında komandalar öz strategiyalarını və iş birliyini nümayiş etdirdilər. Nəticədə “Rabitabank Gaming League” turnirinin çempionu “ByTelecom” komandası oldu, “Take Control” ikinci, “IOWA” isə üçüncü yerin qalibi oldu.
Final tədbiri çərçivəsində Cosplay müsabiqəsi, kreativ nümayişlər və hədiyyə oyunları da təşkil edilib. İştirakçılar üçün əsas hədiyyə olan “PlayStation 5” isə tədbirə əlavə həyəcan qatıb.
Bu layihə, Rabitəbankın gənclərin maraqlarına uyğun innovativ təşəbbüsləri dəstəkləməyi, kibersport mədəniyyətini inkişaf etdirməyi və oyun həvəskarları üçün yeni ünsiyyət platforması yaratmağı hədəflədiyini göstərir. Rabitəbank 1993-cü ildən maliyyə xidmətləri təqdim edir və müştərilərinə geniş çeşidli xidmətlər təklif etməklə fəaliyyətini davam etdirir.