Türkiyə erkən seçkilərə gedir? – Ərdoğanla bağlı iki ssenari müzakirə olunur

Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) partiya üzvləri arasında prezidentlik sistemi ilə bağlı narahatlıqlar artmaqdadır. Partiyanın populyarlığının azalması fonunda müzakirə edilən mövzular arasında mövcud sistemin dəyişdirilməsi və prezidentin səlahiyyətlərinin yeniden müəyyənləşdirilməsi yer alır. Bəzi üzvlər, parlament idarəetmə sisteminə qayıtmağı da gündəmə gətirirlər.
Müxalifət qəzeti "Cumhuriyet"in məlumatına görə, partiya daxilində iki əsas ssenari müzakirə olunur. Birinci variant, prezident idarəetmə sisteminin saxlanılması, lakin seçki mexanizmlərinin yenidən nəzərdən keçirilməsini əhatə edir. Bu yanaşmaya görə, Ərdoğanın partiyası kiçik partiyalarla ittifaqlara daha az güvənməlidir. Həmçinin bu, partiya daxilində sistemin "yumşaldılması" kimi qiymətləndirilir.
İkinci variant isə parlament idarəetmə sisteminə qayıtmağı nəzərdə tutur. Bu ssenariyə uyğun olaraq, prezidentlik müddəti 7 ilə qədər uzadıla bilər, baş nazir vəzifəsi bərpa edilə bilər, eyni zamanda Rəcəb Tayyib Ərdoğan partiyalardan üstün mövqedə qalacaqdır.
Bəzi AKP nümayəndələri, Türkiyənin artıq seçkiqabağı mərhələyə daxil olduğunu və siyasi qüvvələrin buna uyğun şəkildə hazırlaşdığını bildirirlər. Müzakirələrə əsasən, erkən parlament seçkilərinin 2027-ci ilin may ayında keçirilməsi ehtimalları gündəmdədir.