Azərbaycanda yeni heyvandarlıq və quşçuluq müəssisələri üçün layihə tələbləri dəyişir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda tikiləcək və yenidən qurulacaq heyvandarlıq və quşçuluq müəssisələri üçün yeni layihələndirmə normaları təsdiqlənib. Bu yeni tələblər, binaların, su təchizatı və ventilyasiya sistemlərinin layihələndirilməsi ilə yanaşı, yanğın təhlükəsizliyi üzrə də standartları müəyyən edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən təsdiqlənmiş normalarda, temperatur, rütubət və havanın keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin tətbiqi tövsiyə olunur. Bu, heyvanlarda istilik stressi riski yarandıqda ventilyasiya və soyutma sistemlərinin avtomatik işə düşməsi kimi tədbirləri əhatə edir. Eyni zamanda, rəqəmsal sayğaclar su sərfiyyatında qeyri-adi artım barədə xəbərdarlıq edə biləcək.
Layihə tələblərində enerji sərfiyyatının azaldılması, istehsal zamanı yaranan istiliyin təkrar istifadəsi və istilik nasoslarının tətbiqi üzrə xüsusi tədbirlər də ön plana çıxır. Bununla yanaşı, tullantıların torpağı və yeraltı suları çirkləndirməsinin qarşısının alınması, eləcə də onların üzvi gübrə istehsalında istifadəsi müzakirə olunur.
Binalarda fövqəladə hallar üçün xüsusi bölmələr yaradılacaq və hər bir bölmədən ən azı iki müstəqil təxliyə yolu olmalıdır. Yeni normaların qüvvəyə minməsi ilə 1984-cü ildən tətbiq olunan СНиП 2.10.03-84 normativ sənədinin hüquqi qüvvəsi dayandırılacaq.