Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
23 noyabr 2026-cı il tarixində Bir ekosisteminin rəhbəri Fərid Hüseynov, Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) Baş katibi Jiamning Qi-nin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Bir ekosisteminin baş ofisində keçirilmişdir.
Tədbirdə beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi X Beynəlxalq Bankçılıq Forumunda iştirak üçün ölkəmizə gələn qonaqlar, Bir ekosisteminin fəaliyyəti, inkişaf modeli və rəqəmsal həlləri ilə tanış olublar. Görüş zamanı banklar və fintex şirkətləri arasında tərəfdaşlıq, süni intellekt, əməkdaşlıq və innovativ həllər üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə Bir ekosisteminin beynəlxalq maliyyə qurumları ilə əlaqələrinin genişləndirilməsi və qlobal texnologiya trendləri barədə müzakirələr aparılıb. Azərbaycanın Orta dəhlizdəki strateji mövqeyi və regional iqtisadi əlaqələrdəki rolu da vurğulanmışdır. Eyni zamanda, rəqəmsal ekosistemin inkişafı və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.
Xatırladaq ki, 2017-ci ildən fəaliyyət göstərən AFCA, 30-dan çox ölkədən maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi məqsədini güdür. Bir ekosistemi isə 2025-ci ildən etibarən 5 milyondan çox müştəriyə xidmət edən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Bu ekosistem, ölkənin aparıcı brendlərini bir araya gətirərək müştəri davranışlarını kökündən dəyişməyi hədəfləyir.