Eyyubovun oğlunun İngiltərədə 10 milyonluq əmlakları üzə çıxdı

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada milyonlarla funt sterlinq dəyərində daşınmaz əmlaklara sahib olduğu aşkar edilib. Bu məlumatı xaricdə yaşayan jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yayıb.
Həsənlinin verdiyi məlumata görə, 81 yaşlı Yaqub Eyyubov 2003-cü ildən bəri Baş nazirin birinci müavini vəzifəsini icra edir. Onun oğlu Orxan Eyyubov isə son 14 ildə İngiltərədə 10 milyon funt sterlinq dəyərində 17 daşınmaz əmlak əldə edib.
İddialara görə, əmlakların alışı Orxan Eyyubovun malik olduğu “New Canada Capital Ltd” şirkəti vasitəsilə həyata keçirilib. Həsənli, Böyük Britaniya əmlak reyestrindəki məlumatlara da istinad edərək, əmlakların alış qiymətləri və qeydiyyat nömrələrini paylaşmışdır.
Siyahıda yer alan bəzi əmlakların alış qiymətləri aşağıdakı kimidir: 19 High Street, Ashford – 340 min funt sterlinq, 345 Upper Richmond Road West, London – 400 min funt sterlinq, 1 Horse Fair, Banbury – 2 milyon 200 min funt sterlinq və s. Həmçinin, bəzi əmlakların alış qiymətləri hələlik açıqlanmamışdır.
Bu məlumat, Eyyubov ailəsinin xaricdəki iqtisadi fəaliyyətlərinə dair geniş müzakirələrə səbəb olub.