Xəzərin sahilboyu ərazilərinə xüsusi status veriləcək

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahilboyu ərazilərinə xüsusi status verilməsi ilə bağlı yeni qərar qəbul edilib. Baş nazir Əli Əsədov, Prezidentin noyabrın 16-da imzaladığı fərmanın icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Sərəncam çərçivəsində, İqtisadiyyat Nazirliyinin beş ay ərzində hazırlayıb təqdim edəcəyi təkliflər, sahilboyu ərazilərin zonalara bölünməsi, hüquqi rejiminin müəyyənləşdirilməsi və ətraf mühitin mühafizəsi sahələrini əhatə edəcək. Bu, iqtisadi fəaliyyət, turizm və istirahət sahələrində dövlət qurumlarının işini əlaqələndirəcək.
Nazirliyə verilən tapşırıqda, sahilboyu ərazinin sərhədləri və ölçüləri ilə yanaşı, onun qrafik təsvirinin kağız və rəqəmsal formada hazırlanması da tələb olunur. Bu zaman su ilə qurunun mövcud təmas xəttinin nəzərə alınacağı vurğulanıb.
Eyni zamanda, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, həmçinin inzibati və cinayət məsuliyyətinin artırılması ilə bağlı da təkliflər təqdim ediləcək.
Bu sərəncam, noyabrın 25-də, imzalandığı gün qüvvəyə minib.