Ezonn Xəbər

Bir milyondan çox insanın pensiyaları növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılacaq

Bir milyondan çox insanın pensiyaları növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılacaq
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Gələn ilin əvvəlindən bir milyondan çox insanın pensiyaları indeksləşdirilərək artırılacaq. Bu məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında açıqlayıb. O, qeyd edib ki, ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində həyata keçirilən islahatlarla bağlıdır. Nazirin sözlərinə görə, sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Son 7 ildə həyata keçirilən 5 böyük sosial islahat paketi ilə illik əlavə 8 milyard manat vəsait ayrılıb. Bu dövr ərzində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3,4 dəfə, minimum və orta aylıq pensiya 2,9 dəfə artıb. Həmçinin, pensiya təminatı üçün illik vəsait 2,3 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait isə 5 dəfə artırılıb. Gələn il isə 6-cı sosial paket icra olunacaq, bu da sosial ödənişlərin dinamikasını davam etdirəcək. Pensiyaların indeksləşdirilməsi 1,1 milyon insana təsir edəcək. Kollegiya iclasında Nazirliyin fəaliyyətinə dair müzakirələr də aparılıb. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən həyata keçirilən monitorinqlər, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən tətbiq olunan rəqəmsal həllər haqqında məlumatlar verilib. DOST mərkəzlərinin cari ildəki uğurları və sosial obyektlərin inşası haqqında da müzakirələr aparılıb. İclasda sosial təminat sisteminin təkmilləşdirilməsi, himayədar ailə modelinin tətbiqi və digər mühüm məsələlərə də toxunulub. Vurğulanıb ki, əmək qanunvericiliyində edilən dəyişikliklər, o cümlədən sığortaolunanların vahid reyestrinin yaradılması gündəlik həyatda sosial-əmək hüquqlarının qorunmasına xidmət edəcək.