İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və icraçı direktorun müavini Seymur Mirzəyev Koreya Respublikasının Seul şəhərində Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XIII Beynəlxalq Konfransında iştirak ediblər.
Tədbirdə sığorta zəmanəti və sığortalıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri, həmçinin maliyyə və sığorta sektorunun ekspertləri yer alıb. Koreya Əmanətlərin Sığortalanması Korporasiyası (KDIC) tərəfindən ev sahibliyi edilən konfransda İcbari Sığorta Bürosu IFIGS-in yeni üzvü kimi təqdim olunub.
Vüsal Məsiyev, konfrans çərçivəsində çıxış edərək, Azərbaycanın icbari sığorta sistemi və bu sahədə həyata keçirilən institusional islahatlar, rəqəmsallaşma təşəbbüsləri eləcə də sığorta təminatı mexanizmlərinin təkmilləşdirilməsi yönündə ölkənin təcrübəsi barədə məlumat verib.
Konfransda mürəkkəb risklərin idarə olunması, böhranlara cavab tədbirlərinin gücləndirilməsi və sığortalıların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunub. İştirakçılar eyni zamanda sığortaçıların maliyyə dayanıqlılığı ilə beynəlxalq təcrübənin tətbiqi barədə fikir mübadiləsi aparıblar.
IFIGS-ə üzvlük İcbari Sığorta Bürosuna müxtəlif ölkələrin sığorta zəmanət mexanizmlərini öyrənmək, beynəlxalq ekspert müzakirələrində iştirak etmək və digər üzv qurumlarla birbaşa əməkdaşlığı genişləndirmək imkanı təqdim edir. Bu əməkdaşlıq çərçivəsində zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi planlaşdırılır.