“Daşkəsən Dəmir Filiz” MMC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
“Daşkəsən Dəmir Filiz” MMC son dövrlərdə rəhbər şəxslərinin adı və fotoşəkillərini istifadə edərək saxta profillər yaratmış naməlum şəxslərin kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib. Bu barədə şirkət tərəfindən verilən məlumatda bildirilir ki, həmin şəxslər fake profillər vasitəsilə özlərini şirkət rəhbərliyi kimi təqdim edərək əlaqə saxlayır və müxtəlif tapşırıqların icrasını tələb edirlər.
Məlumata görə, bu cür hallara qarşı mübarizə məqsədilə, “Daşkəsən Dəmir Filiz” MMC əməkdaşlarını, işgüzar tərəfdaşlarını və geniş ictimaiyyəti ehtiyatlı olmağa çağırır. Şirkət, şübhəli müraciətlərə cavab verməmək, naməlum keçidlərə daxil olmamaq, göndərilən faylları açmamaq və şəxsi məlumatları üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edir.
Eyni zamanda, hər kəsi bu cür müraciətlərin həqiqiliyini əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələri ilə yoxlamağa dəvət edir. Hər hansı şübhəli vəziyyətlərlə rastlaşan şəxslərdən yazışmaların və digər sübutların saxlanılması, bu barədə dərhal şirkətə və hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
“Daşkəsən Dəmir Filiz” MMC, rəhbər şəxslərinin ad və fotoşəkillərinin qanunsuz istifadə edilməsini pisləyərək, informasiya təhlükəsizliyi qaydalarına riayət etməyə və kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.