AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB), 2026-cı ilin sonuna qədər, ən gec 2027-ci ilin əvvəlinədək bankların, elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının rəqəmsal dələduzluğa qarşı mübarizə strategiyalarını təhlil etməyi planlaşdırır. Bu barədə məlumat çərşənbə günü Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda verilib.
AMB-nin Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin rəisi Elvin Cuvarov, banklara göndərilən tövsiyə xarakterli məktubla, bankların mövcud nəzarət mexanizmlərini özünüqiymətləndirməyə başlamalarının istənildiyini bildirib. Sənəddə müasir çağırışlar üzrə dələduzluq risklərinin azaldılması üçün tələb olunan minimum nəzarət mexanizmləri əks olunub.
Cuvarov qeyd edib ki, bu mexanizmlər arasında cihazların etibarlılığının yoxlanılması, eyni cihazdan bir neçə müştərinin istifadə etməsinin aşkarlanması, yeni cihazlardan sistemə girişə nəzarət, tokenizasiya, əməliyyatların real vaxt rejimində monitorinqi və vəsaiti qəbul edən tərəfin yoxlanılması daxildir.
AMB, həmçinin banklardan, ödəniş təşkilatlarından və elektron pul təşkilatlarından bu istiqamətlərdəki mövcud nəzarət mexanizmlərinin vəziyyəti, aşkar edilmiş boşluqlar və onların aradan qaldırılması üçün planlı tədbirlər barədə məlumat tələb edib. Cuvarov bildirib ki, məlumatlar toplanmaqdadır və ilin sonuna qədər analizin tamamlanması gözlənilir.
O, həmçinin Azərbaycandan kənarda baş verən rəqəmsal dələduzluq hallarının əksəriyyətinin elektron ticarət saytları vasitəsilə həyata keçirildiyini, ölkə daxilində isə dələduzluq hallarının bir çoxunun bankların mobil tətbiqlərindən istifadəyə bağlı olduğunu vurğulayıb.