Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda görüşəcək

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 26-27-də Ermənistanın paytaxtında Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri geniştərkibli ikitərəfli dəyirmi masa keçirəcəklər. Görüşün məqsədi iki ölkə arasında sülh prosesini gücləndirməkdir.
Bu tədbir “Sülh körpüsü” təşəbbüsü çərçivəsində reallaşacaq. Dəyirmi masa zamanı 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi müzakirə olunacaq. Təşkilatçılar, yeni təşəbbüslərin ortaya qoyulmasının, sülh prosesini daha da irəlilətməkdə əhəmiyyətli olduğunu vurğulayır.
Görüşdə, həmçinin iki cəmiyyət arasında qarşılıqlı etimadın formalaşdırılması və inkişaf etdirilməsi, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın müxtəlif imkanları incələnəcək. Ticarət və bağlantı marşrutlarının yaradılmasının da müzakirə ediləcəyi planlaşdırılır.
Müzakirələrin gündəliyinə humanitar məsələlər, gənclərlə iş, təhsil sahəsi və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında uzunmüddətli əlaqələrin necə qurulacağı ilə bağlı perspektivlər də daxildir.