BŞİH-nin müdaxiləsi ilə həmin tarixi qapı bərpa olundu — Foto

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Son günlər sosial şəbəkələrdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə edilmiş qanunsuz müdaxilə ilə bağlı məlumatlar yayılmışdı. Belə ki, tarixi binanın giriş qapısı sökülərək müasir şüşə konstruksiya ilə əvəz olunmuşdu.
Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı dərhal araşdırma aparmışdır. Yoxlama nəticəsində sosial şəbəkələrdə yayılan məlumatların doğruluğu təsdiq edilmişdir. Araşdırma zamanı tarixi memarlıq abidəsinə müdaxilə faktı aşkar olunmuşdur.
Yoxlamanın nəticələrinə əsasən, tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır. Eyni zamanda, binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin olunmuşdur. Sahibkara isə tarixi irs nümunələrinə özbaşına müdaxilənin yolverilməz olduğu izah edilmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti bir daha vurğulayır ki, tarixi abidələrdə hər hansı təmir və ya dəyişiklik işləri müvafiq qanunvericiliyə və aidiyyəti qurumların razılığına uyğun şəkildə həyata keçirilməlidir.