TRIPP şirkətində ABŞ-nin payı 74, Ermənistanın isə 26 faiz olacaq

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsi üçün təsis ediləcək şirkətin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib. Sazişin imzalanması üçün səlahiyyət Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə verilib. Baş nazir Nikol Paşinyan bildirib ki, sazişin mətninin razılaşdırılması tamamlanıb və sənəd bir həftə ərzində imzalanacaq.
Paşinyan qeyd edib ki, sazişin imzalanmasından sonra yeni şirkət Ermənistanda qeydiyyata alınacaq və fəaliyyətə başlayacaq. O, həmçinin bildirib ki, bu həftənin bazar ertəsi layihənin icrası üçün hazırlıq işlərinə başlanılıb. Dəmir yolu sahəsində ərazi təmizləndiyi və tikinti meydançasının hazırlanmasına başlandığı vurğulanıb.
Baş nazir TRIPP layihəsini miqyası və maliyyə həcmi baxımından Ermənistanın müstəqillik dövrünün ən iri iqtisadi təşəbbüsü kimi qiymətləndirib. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan məlumat verib ki, yaradılacaq qapalı səhmdar cəmiyyəti üzrə ABŞ-nin 74 faiz, Ermənistanın isə 26 faiz payı olacaq. ABŞ-nin payını Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) idarə edəcək.
Sazişdə 16 qrup məsələ üzrə hər iki tərəfin razılığı tələb olunur. Bu məsələlərə investorların seçilməsi, üçüncü tərəflərin layihəyə qoşulması, konsessiya müqavilələrinin şərtləri və şirkətin əsas maliyyə qərarları daxildir. Konsessiya hüququ isə Ermənistan hökumətində qalacaq. Səhmdarlar sazişi Ermənistanla ABŞ arasında 2026-cı il iyunun 4-də imzalanmış çərçivə sazişinin icrası məqsədilə hazırlanıb.