Ezonn Xəbər

Bakıda söküləcək evlər – Kimə nə qədər pul düşür?

Bakıda söküləcək evlər – Kimə nə qədər pul düşür?
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Bakının Nərimanov rayonunda yeni yolun tikintisi ilə əlaqədar bir sıra fərdi yaşayış evlərinin sökülməsi gündəmə gəlib. Söküləcək evlər artıq nömrələnib və sakinlərə bununla bağlı kompensasiya ödənişləri təklif ediləcək. Bəzi məlumatlara görə, evlərin kvadratmetrinə görə 2500-3000 manat arasında kompensasiya veriləcəyi bildirilir. Lakin bu məbləğ hələlik rəsmi olaraq təsdiqlənməyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən açıqlamaya görə, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yolun tikintisi üçün ilkin işlərə başlanılıb. Söküntü və kompensasiya məsələləri layihənin növbəti mərhələsində dəqiqləşdiriləcək. Bu proses, şəhərdə evlərin sökülməsi və sakinlərə ödəniləcək kompensasiya məsələlərini yenidən gündəmə gətirib. Sakinlərin maraqları nəzərə alınaraq, suallar yaranır: vətəndaşlar onlara təklif olunan məbləğlə razılaşmağa məcburdurmu? Evin kvadratmetr qiyməti necə müəyyənləşdirilir? Çıxarışı olmayan evlərə kompensasiya verilməsi məsələsi necədir? Azərbaycanda mülkiyyət hüququ dövlət tərəfindən qorunduğundan, dövlət ehtiyacları üçün əmlakın özgəninkiləşdirilməsi yalnız ədalətli şəkildə dəyərinin ödənilməsi şərtilə həyata keçirilir. Bununla yanaşı, köhnə və qəzalı binaların müvafiq hüquqi prosedurlar əsasında sökülməsi də qanunvericilikdə nəzərdə tutulur. Kompensasiyanın hesablanması isə müxtəlif amillərdən asılıdır: yerləşmə yeri, sahəsi, bazar dəyəri, torpaq sahəsinin vəziyyəti və infrastruktura yaxınlığı qiymət təyinatında əsas rol oynayır. Nərimanov rayonunda sökülən evlərə verilən kompensasiya ilə paytaxtın kənar ərazilərindəki evlərə ödəniləcək məbləğlər arasında fərqlər ola bilər. Torpağın qiymətinin müəyyənləşdirilməsi üçün ilkin 100 metr radiusda analoji torpaqların qiymətləri araşdırılır. Əlavə olaraq, köçürmə zamanı yaranan çətinliklərə görə əlavə kompensasiya mexanizmi də tətbiq olunur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 66-cı maddəsinə əsasən, ərazidə əsas yaşayış yeri kimi azı beş il yaşadığını təsdiqləyən şəxslər müəyyən şərtlərlə əlavə kompensasiya ala bilərlər.