Ezonn Xəbər

Tarixi binanın giriş qapısı bərpa edilib

Tarixi binanın giriş qapısı bərpa edilib
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakının Səbail rayonunda yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə edilən qanunsuz müdaxilə məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) araşdırma aparıb. Araşdırmanın nəticələri, sosial şəbəkələrdə yayılan məlumatların təsdiqini tapdığını göstərib. Məlumata əsasən, tarixi memarlıq abidəsinə edilən müdaxilənin nəticələrinə görə, obyektin tarixi giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb. Eyni zamanda, binanın ilkin memarlıq görkəmi bərpa edilib. Tərəflərə, tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilə etmənin yolverilməz olduğu izah olunub. BŞİH-in məlumatında qeyd olunur ki, tarixi abidələrdə aparılan hər hansı təmir və yenidənqurma işləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. "Tarixi abidələrdə hər hansı dəyişiklik işləri aidiyyəti qurumların razılığı ilə icra edilməlidir", - deyə BŞİH vurğulayıb. Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən tarixi binaya qanunsuz müdaxilə edildiyinə dair məlumatlar yayımlanmışdı. İşlərin gedişatında giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəzlənməsi faktı aşkar edilmişdi.