26 yaşlı futbolçu oyundan sonra güllələnərək öldürüldü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Meksikanın İrapuato şəhərində baş verən faciəvi hadisədə 26 yaşlı futbolçu Luis Alberto Rios Çaves güllələnərək öldürülüb. Hadisə, Quanaxuato ştatında yerləşən “La Estrelya” futbol meydançasında keçirilən həvəskar komandalar arasında oyun bitdikdən sonra baş verib.
İddia edilənə görə, motosikletlə gələn silahlı şəxslər, oyun başa çatdıqdan sonra futbolçuya atəş açıb. Rios Çaves aldığı güllə yaralarından hadisə yerində vəfat edib. Onun yanı sıra, hücum zamanı daha bir nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Cinayəti törətmiş şəxslər hadisə yerindən qaçaraq izlərini itiriblər. Hazırda polis bu cinayəti araşdırmağa başlayıb, lakin cinayətin motivi hələ məlum deyil.
Luis Alberto Rios Çaves, Meksika çempionatının aşağı liqalarında “Atletiko San-Fransisko” klubunun üzvü olmuşdur. Son dövrlərdə isə həvəskar “Arandas” komandasının futbolçusu və “Loros” futbol akademiyasında uşaq məşqçisi kimi fəaliyyət göstərirdi.