Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul olan "Sabko" MMC-dən 155.378 manatlıq oğurluq hadisəsi baş verib. Bu cinayət əməlinin şirkətin üç işçisi tərəfindən həyata keçirildiyi müəyyən olunub.
Araşdırmalar zamanı məlum olub ki, oğurluq əməliyyatını anbardar, sürücü və fəhlə törədib. Onlara Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə ittiham irəli sürülüb. Həmin şəxslərin içki və yağ məhsullarını şirkət anbarından gizli yolla çıxararaq oğurladığı bildirilib.
Belə ki, işçilər şirkətdən 1.5579 ədəd enerji içkisi, 2610.76 kiloqram yağ, həmçinin 618.42 kiloqram kərə yağı və digər məhsulları bir neçə dəfə oğurlayıblar. Ümumilikdə, bu cinayət əməli 155.378 manat dəyərində ziyana səbəb olub.
Oğurluğun üstü, işçilərin növbəti dəfə anbardan mal götürməyə çalışdığı zaman açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinde hər üç şəxs təqsirli bilinərək, müvafiq cəzalarını alıblar; onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncüsü isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, "Sabko" MMC-nin 2014-cü ildən fəaliyyət göstərdiyi, qanuni təmsilçisinin Amil Sadıqov olduğu, lakin direktoru Səbuhi adlı şəxsin olduğu qeyd edilib. Şirkət daha öncə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlamalarla gündəmə gəlmiş və anbarda məhsulların saxlanma şəraitindəki nöqsanlarla bağlı tənqid edilmişdi.