Paşinyan: "TRIPP layihəsinin praktiki icrasına başlanılıb"

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan, noyabrın 26-da keçirilən hökumət iclasında TRIPP layihəsinin praktiki icrasına başlanıldığını açıqlayıb. Bildirib ki, layihənin inkişafı üzrə şirkətin səhmdarlar sazişinin bir həftə ərzində imzalanması planlaşdırılır. Bu proqramın həyata keçirilməsi üçün şirkət Ermənistan ərazisində qeydiyyatdan keçəcək.
Baş nazir Paşinyan, layihənin dəmir yolu hissəsinin ərazisinin təmizlənməsi və tikinti sahəsinin hazırlanması işlərinin bazar ertəsindən etibarən başlayacağını vurğulayıb. Eyni zamanda, avtomobil yolu, dəmir yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi prosesinin də paralel olaraq həyata keçiriləcəyinə diqqət çəkib.
Hazırda bu işlərin Ermənistan hökuməti tərəfindən icra edildiyini qeyd edən Paşinyan, TRIPP layihəsini ölkənin iqtisadi və maliyyə miqyasına görə ən böyük təşəbbüslərdən biri kimi xarakterizə edib. O, layihənin həyata keçirilməsi prosesinin şəffaf olmasının vacibliyini də vurğulayıb və bütün razılaşdırılmış məsələlərin yazılı sənədlərdə əks olunacağını bildirib.
Qeyd edək ki, noyabrın 23-də Ermənistan və ABŞ hökumətləri tərəfindən birgə həyata keçirilən TRIPP layihəsinin praktiki icra mərhələsinə start verilib. Layihənin əsas məqsədi, ölkələrin suverenliyinin və ərazi bütövlüyünün qorunması prinsipləri əsasında regionda tranzit əlaqələrinin inkişafını təmin etməkdir.