Ezonn Xəbər

Ağdamın yeni zavodundan ilk ixrac Böyük Britaniyaya olub

Ağdamın yeni zavodundan ilk ixrac Böyük Britaniyaya olub
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Ağdam Sənaye Parkında noyabr ayında fəaliyyətə başlamış "ASMC" MMC, ilk ixracını gerçəkləşdirib. Zavodda istehsal olunan metal məftilin ilk partiyası Böyük Britaniyaya göndərilib. "Almet Holding" ASC-nin tərkibinə daxil olan bu müəssisədə polad həsir, müxtəlif növ məftillər, mismar və soyuq deformasiya olunmuş armatur istehsal edilir. Zavod həm daxili bazara, həm də ixraca məhsul təqdim etmək məqsədilə qurulub. Layihənin ümumi investisiya dəyəri 24,9 milyon manatdır. Birinci mərhələyə 8,8 milyon manat yönəldilmişdir. Bu mərhələnin maliyyələşdirilməsində sahibkarın öz vəsaiti ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun subsidiyalaşdırdığı 4,7 milyon manata yaxın bank kreditindən istifadə olunub. Gələcəkdə ikinci mərhələyə 16,1 milyon manat yatırılması planlaşdırılır. Bu mərhələdə iki yeni istehsal binasının tikintisi və yeni məftil xətlərinin quraşdırılması nəzərdə tutulur. Həmin xətlərdə ildə 10 min ton sinklənmiş və 8 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlanmışdır. "ASMC" MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və ƏDV və gömrük rüsumları üzrə 470 min manatlıq güzəştdən faydalanıb. Hazırda zavodda 41 nəfər çalışır və layihənin tam gücü ilə işə düşdükdə daimi iş yerlərinin sayının 100-ə çatdırılması planlaşdırılır.