Ezonn Xəbər

Qazla işləyən avadanlıqlar üçün yeni təhlükəsizlik tələbləri

Qazla işləyən avadanlıqlar üçün yeni təhlükəsizlik tələbləri
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda qazla işləyən qurğu və avadanlıqların təhlükəsizliyinə dair yeni texniki reqlament qüvvəyə minib. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev bu barədə Bakıda keçirilmiş "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" adlı tədbirdə məlumat verib. Elməddin Quluyev bildirib ki, "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament" Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli qərarı ilə təsdiqlənib. Yeni reqlament noyabrın 6-dan etibarən tətbiq olunmağa başlayacaq. Bu reqlamentin məqsədi insanların həyat və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, əmlakın təhlükəsizliyi və dövlət maraqlarının qorunmasıdır. Eyni zamanda, istehlakçıların məhsulun təhlükəsizliyi ilə bağlı yanlış məlumatlandırılmasının qarşısını almaq da əsas hədəflərdən biridir. Yeni texniki reqlament məişətdə yemək hazırlanması və qızdırılması üçün istifadə olunan avadanlıqları, eləcə də ictimai iaşə müəssisələri üçün nəzərdə tutulan qaz yanacaqlı istilik avadanlıqlarını əhatə edir. Bu sənədin tələblərinə uyğun olaraq, məhsulların uyğunluğu bəyan edilmə və ya sertifikatlaşdırma yolu ilə qiymətləndiriləcək.